QALXAN DUŞMUR

Aİ-95 və Aİ-98 markalı benzinin bahalaşması ilə əlaqədar bir neçə gün davam edən proqnozlar başa çatdı. Dünəndən benzinin bu növlərinin qiyməti müvafiq olaraq 1,50 və 1,60 manata qalxıb. Onu da deyək ki, premium və super markalı benzinin qiymətinin tənzimlənməsi ilə Tarif Şurası deyil, ölkəyə yanacaq idxalçısı olan SOCAR məşğul olur. Şirkət isə öz qərarını rəsmi şəkildə açıqlamır. Lakin bəzi mənbələr qiymətlərin artmasını onunla izah edirlər ki, Azərbaycana idxal edilən Aİ-95 markalı benzinin litri təxminən 1.35-1.4 AZN-ə başa gəlir. Yanacaqdoldurma məntəqələrində bu benzinin bir litrə görə 1.25 AZN-ə satışı zamanı məhsulun idxalına görə qiymət buraxılış qiymətini ötür. Analoji vəziyyət bundan əvvəl Aİ-98 markalı benzinlə bağlı müşahidə edilmişdi.
Bundan öncə benzinin qiymətinin bahalaşması ötən ilin noyabrında baş vermişdi və onunla izah edilmişdi ki, premium və super markalı benzin ölkəyə xaricdən gətirilir ki, orada da qiymətlər artıb. Buna qədərsə qiymət artımı dolların məzənnəsinin artması ilə izah olunurdu. Göründüyü kimi, hər dəfə neft istehsalçısı olan ölkədə benzinin qiymətinin artması ilə bağlı SOCAR-da səbəblər olur. 2014-cü il martadək Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunub, lakin Dövlət Neft Şirkəti respublikada Aİ-92 markalı benzinə artan tələbatın təmin olunması çərçivəsində onun istehsalını dayandırmaq qərarına gəlib. Baxmayaraq ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun rekonstruksiyası və modernləşdirilməsindən sonra premium benzinin istehsalının bərpası planlaşdırılmışdı, bu iş dayandı.