Manatın ABŞ dollarına nəzərən 2AZN olması gözləniləndir

“Türkiyədə lirənin ucuzlaşmasına, o cümlədən Rusiyada rublun və digər qonşu ölkələrdə də milli valyutaların dəyərsizləşməsinə əsasən, Azərbaycanda manata görə narahat olmağa dəyməz...”
Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
O, bildirib ki, sözügedən ölkələrdə milli valyutaların dəyəri sərbəst bazar qanunları əsasında tənzimlənir: “İkincisi də ki, həmin ölkələrdə bunu iqtisadi amillərlə yanaşı, həm də siyasi proseslər şərtləndirir, formalaşdırır. Ölkəmizdə bunların heç biri yoxdur. Lakin bizim o ölkələrlə ticarət əlaqələrimiz var. Və qeyri-neft sektoru üzrə məhsulların alış-verişini, demək olar, yalnız bu ölkələr ilə həyata keçirdirik. Ona görə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması Azərbaycan iqtisadiyyatının "oksigenlə təminat”ını bir növ daraldır. Bizdən onlara mal ixracını deyil, onlardan bizə mal idxalını stimullaşdırır. Çünki sözügedən ölkələrdə mallar ucuzlaşır”.
Ekspertin fikrincə, bu, heç də o demək deyil ki, bu amil bizim bazarda da eynilə özünü büruzə verəcək və yaxud da verməlidir: “Xeyr... Milli valyutaları ucuzlaşan ölkələrdən ölkəmizə mal gətirən iş adamları həmin malları bizdə elə əvvəlki qiymətə də satmaqda davam edəcəklər. Sadəcə olaraq, bundan özləri ikiqat artıq gəlir götürəcəklər. Bu isə ölkəmizdə ABŞ dollarına tələbatı istər-istəməz artıracaq. Yəni ki, həmin iş adamları tərəfindən…”
P.Heydərova görə, manatın dəyəri neftin dünya bazar qiymətinə bağlıdır: “Hazırda da neftin qiyməti 70 dollardan yuxarıdadır. Düzdür, lirəyə, rubla və s. görə manatımız ucuzlaşmayacaq. Amma onun məzənnəsini 1,70 AZN səviyyəsində saxlamaq işi çətinləşəcək və artıq çətinləşib də... Odur ki, əziyyət çəkən Mərkəzi Bank olacaq. Belə ki, qeyri-neft sektorumuz üzrə məhsul ixracımız genişlənməsə, manatı dollara nisbətdə 1.70 AZN-də saxlamaq perspektivsiz siyasətdir. İş ondadır ki, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına görə dəyərsizləşməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafını zəiflədir və hətta bunu tam buxova alır. Belə şəraitdə isə manatın ABŞ dollarına nəzərən 2 AZN həddinə sıçraması hər an gözlənilən hadisədir. Odur ki, dollarınızı möhkəm saxlayın”.