Metroda gediş haqqı 50 faiz qaldırıldı

Azərbaycanda şəhərdaxili ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı 50 faiz qaldırıldı. Tarif (qiymət) Şurası bu addımını həm də metropolitenin dövlət büdcəsindən asılılığını azaltmaq niyyəti ilə əsaslandırıb. Müstəqil hesablamalar göstərir ki, avqustun 1-dən qüvvəyə minmiş yeni tarif sayəsində Bakı Metropoliteni artıq 2019-cu ildən başlayaraq zərərlərini minimuma endirə biləcək.
Sərnişinlər metropolitendə gediş haqqının artırılması şokunu sonuncu kərə 2011-ci ilin dekabrında yaşamışdılar. O zaman metroda bir gedişin qiyməti 15 qəpikdən 20 qəpiyə çatdırılmışdı. Əvvəlki tarif isə 2009-ci ilin oktyabr ayından qüvvədə idi. Həmin tarixədək sərnişinlər metrodan istifadəyə görə Sovet dövründən bəri dəyişməyən tariflə - 5 qəpik ödəyirdilər. Beləliklə, son 9 ildə Bakı Metropolitenində gediş haqqı 6 dəfə artırılıb və hazırda 30 qəpikdir. Amma tarif artımı metropoliteni zərərlərdən xilas etməyib. Son 5 ildə "Bakı Metropoliteni" QSC-nin ödənilməmiş zərərləri 147 milyon manat artaraq 371 milyon manatı keçib. Təkcə 2017-ci ildə əməliyyat fəaliyyəti üzrə 12,5 milyon, investisiya qoyuluşları nəzərə alınmaqla isə 62 milyon manatdan çox zərər yaranıb. Bu zərər "yırtığı" metropolitenə verilən və məbləği 100 milyon manatı aşan subsidiyalar fonunda yaranıb.