Akkord şirkəti zərərlə işləyir

"Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC 2017-ci ili 345 min manat zərərlə başa vurub. Korporasiyanın bütün kommersiya strukturlarının ümumi maliyyə göstəriciləri hələlik açıqlanmır.
2017-ci ildə "Akkord"un gəlirləri 16,3 faiz artaraq 12,7 milyon manat təşkil edib. İl ərzində tikinti fəaliyyətindən əldə olunan gəlir 2016-cı ilə nisbətən 2,4 dəfə artaraq 4,3 milyon manat təşkil edib. Lakin manatla xarici valyuta arasındakı məzənnə fərqinə görə "Akkord" 2,3 milyon manat itirib. Bu və digər amillərin nəticəsi olaraq, holdinqin əsas şirkəti 345.min manat məbləğində itki verib. Əvvəlki ildə o, 6,3 milyon manat xalis mənfəət qazanmışdı. "Akkord" nə 2016-cı, nə də 2017-ci ildə dövlət büdcəsinə vergi ödəməyib. 2018-ci ilin əvvəlində "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin 107,1 milyon manat məbləğində bölünməmiş mənfəəti olub.