Mobil telefon sifarişləri kimin əngəlinə ilişib?

Son günlər ölkə xaricindən telefon sifariş verən fiziki şəxslər problemlərlə üzləşiblər. Belə ki, sifariş edilən telefonlar 10 günə yaxındır ki, Poçt Daşıma Mərkəzində saxlanılır və aidiyyatı poçtlara çatdırılmır.
Ötən həftənin cümə axşamı günü bu barədə müraciət edənlərə, "sabah göndəriləcək", - deyilsə də, bu həftənin ilk günü sifarişlərini hələ də ala bilməyənlər tamam başqa cavab alıblar: "Fiziki şəxslərin ölkəyə telefon gətirməsi avqust ayının 17-nə kimi dayandırılıb. Gələn telefonlar isə geri göndəriləcək".
Qeyd edək ki, qanunla paketlərin PDM-də saxlanılması müddəti maksimum 5 gün çəkə bilər. Amma iyun ayının 24-dən PDM-ə daxil olan mallar hələ də orada saxlanılır.
Əvvəl qeyd edirdilər ki, iyulun 1-dən xaricdən gətirilən mobil telefonlara 18% vergi tətbiq ediləcək, telefonların PDM-də gecikdirilmə səbəbinin də bu olduğu deyilirdi. Amma telefonlar məhz bu səbəbdən PDM-də saxlanılması açıq-aşkar qanun pozuntusudur. Çünki Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərmanı 26 iyun tarixində imzalanıb. Fərmanda göstərilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və 2018-ci il üçün dövlət rüsumunun məbləğlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin.
Bir neçə şirkətlə əlaqə saxladıq. Onlar bəziləri bu barədə məlumatlarının olmadığını bildirsələr də, sifariş edilən telefonları bu gün sahiblərinə çatdırdıqlarını söyləyənlər də oldu.
PDM-dən bu məsələ ilə bağlı zənglərmizə verilən cavabda isə bildirdilər ki, Gömrük Komitəsinə müraciət edək.
Gömrük Komitəsindən rəsmi cavab alan kimi onu da təqdim edəcəyik.