Azərbaycanda BENZİNİN QİYMƏTİ qalxa bilər

Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq.
Bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
D. Məmmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş iyun ayında imzalanacaq:
"Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kifayət qədər benzin ehtiyatı mövcuddur. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, lkin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək."
Qeyd edək ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətini Taarif Şurası müəyyənləşdirir və hazırda Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Bu qərar ötən ilin iyul ayından qüvvəyə minib.
D.Məmmədovun, "ehtiyac yaranacağı təqdirdə Aİ-92 markalı benzinin Rusiyadan idxal ediləcəyi" açıqlaması müəyyən suallar yaradır. Belə ki, hazırda Rusiyada Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1.10 AZN-dir. Belə olduğu halda idxal ediləcək benzinin satış qiyməti müəyyən suallar yadır. İnandırıcı deyil ki, Rusiyadan Aİ-92 markalı benzin 1 AZN-dən ucuz idxal edilsin. Daşınma xərclərini də əlavə etsək, ondan Aİ-92 markalı benzinin qiymətinin Rusiyadakı pərakəndə satış qiymətindən heç də aşağı olmayacağı aydın görünür.