Səudiyyə Ərəbistanı iqtisadiyyatı son 8 ildə ilk dəfə azalıb

"Bloomberg" agentliyi tərəfindən keçirilən konsensus-proqnoza görə, S.Ərəbistanının ÜDM-i 2017-ci ildə 0,5% azalıb.
Milliqazet "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, buna səbəb kimi neft qiymətlərindəki azalma fonunda Səudiyyə Ərəbistanı hökumətinin sərt iqtisadi siyasət həyata keçirməsi olub. Qeyd edək ki, son dəfə Səudiyyə Ərəbistanının iqtisadiyyatı 2009-cu ildə azalma ilə üzləşib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft hasilatı 2017-ci ildə 0,5% azalma göstərərək 10 mln. barel/gündən aşağı düşüb. Büdcə kəsiri 2016-cı ildə ÜDM-in 12,8%-dən 2017-ci ildə 8,9%-ə geriləyib. Bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyinə istinadən "Saudi Press Agency" yayıb.
Növbəti ildə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi neft qiymətlərində azalmaya baxmayaraq dövlət xərclərini 10% artıraraq 260,8 mlrd. dollara çatdırmaq niyyətindədir. Nəticədə, 2018-ci ildə büdcə kəsirinin 52 mlrd. dollara qədər yüksəlməsi ehtimal edilir. Xərclərin artırılması nəticəsində ölkə iqtisadiyyatının 2,7% yüksəlməsi gözlənilir