Heyvandarlıq məhsullarının idxalı azalıb

Azərbaycana əsas heyvandarlıq məhsulları olan ət, kərə yağı və süd idxalında azalma qeydə alınıb.
Milliqazet Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən xəbər verir ki, 2017-ci ilin noyabrında Azərbaycana 3206 ton ət idxal olunub ki, bu da oktyabr ayı ilə müqayisədə 510 ton azdır. Oktyabr ayında ətin hər kiloqramının orta idxal qiyməti 1,5 dollara, noyabrda isə 1,6 dollar bərabər olub.
Ötən ay həmçinin ölkəyə kərə yağı və süddən hazırlanmış digər yağların idxalında ciddi azalma qeydə alınıb. Belə ki, oktyabrda bu məhsulların idxalı 1050,72 ton, noyabrda isə 2 dəfəyə yaxın az - 579,08 ton təşkil edib. Xatırladaq ki, sentyabrda da idxal avqusta nisbətən 3 dəfədən çox azalaraq 553,49 tona düşmüşdü. Ümumiyyətlə, 2017-ci il ərzində kərə yağı və süddən hazırlanmış digər yağların idxalında ən aşağı göstərici də sentyabrda qeydə alınıb.
Oktyabrda idxal kərə yağının hər kiloqramının orta qiyməti 4,6 dollar, noyabrda isə 4,7 dollar təşkil edib.
Əsas heyvandarlıq məhsullarından olan südün idxalı isə oktyabrdakı 929,84 tondan noyabrda 781,86 tona düşüb. Bu zaman orta idxal qiyməti dəyişməyərək hər ton üçün 1660 dollar olub.