Sumqayıtda kikboksinq üzrə peşəkarlararası beynəlxalq turnir keçirildi

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinqin K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxışında bu cür mötəbər turnirlərin keçirilməsində əsas məqsədin gənc nəsli narkomaniyadan, cinayətkarlıqdan qoruyaraq, onları sağlam və milli ruhda yetişdirmək, Azərbaycan Silahlı Qüvvələrinə sağlam əsgər hazırlamaq olduğunu diqqətə çatdırıb.
Millət vəkili qeyd edib ki, bu gün torpaqlarımızın təcavüzkar ermənilərin işğalı altında olduğunu nəzərə alaraq övladlarımızı daha çevik, daha sağlam yetişdirməliyik: "Gənc nəsil təhsilə diqqət ayırmaqla yanaşı, gün ərzində idmanla da məşğul olmalıdır. Belə olan halda gələcəyin tanınmış idmançısı olmasa da ən azından özünü müdafiə edəcək gücdə olacaq. Kikboksinq Federasiyasının prezidenti olaraq məktəblərdə, ali təhsil ocaqlarında keçirdiyim görüşlərin hər birində məhz uşaqları bu yöndə yetişdirməyin vacib olduğunu vurğulayıram. Hesab edirəm ki, prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsədə uyğun olaraq keçirilən görüşlərdə səsləndirilən fikirlərdən hər kəs özü üçün bir nəticə çıxaracaq. İnanıram ki, Ali Baş Komandanımızın idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycanımızın üçrəngli bayrağını Xəzərin o tayında başları üzərinə qaldırmağı bacaran, himnimizi nəhəng arenalarda səsləndirən idmançılarımız bir gün əzəli, əbədi torpaqlarımızda Qarabağda bayrağımızı dalğalandıracaqlar".
Tədbirdə ölkədə kikboksinqin inkişafında xidmətlərinə görə bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.
Bədii hissədən sonra yarışa start verilib. Döyüşlər 7 çəki dərəcəsi üzrə (57kq, 60kq, 63,5 kq, 67kq, 75kq, 86kq, 91+ kq) WAKO qaydalarına uyğun olaraq K-1 stilində və hər biri 3 dəqiqə olmaqla 3 raunddan ibarət olub. İlk döyüşdə 60 kq çəki dərəcəsində K-1 Dünya kəmərinin müdafiəsi uğrunda gürcüstanlı rəqibi Vaso Papaskiri ilə üz üzə gələn kikboksçumuz Emil Hacıyev dünya kəmərini özündə saxlamağı bacarıb. 57kq çəkidə Əsgər Rəhimovla Qəzənfər Yazımovun döyüşündə Əsgər Rəhimov rinqdən qalib ayrılıb. 60 kq çəki dərəcəsində Azərbaycan kəmərinin müdafiəsi uğrunda qarşı-qarşıya gələn Ramiz Məmmədov Arzuman Tağıyevə məğlub olaraq kəməri əldən verib. 57 kq çəkidə Camal Məmmədov Nurlan Məmmədovdan üstün olub. 86 kq çəki WAKO K-1 STIL INTERNATIONAL kəməri uğrunda mübarizə aparan dərəcəsində gürcüstandan olan rəqibi Beka Giorgadzeni darmadağın edən Nahid Əsədov adını qaliblər sırasına yazdırıb. 63,5 kq çəki dərəcəsində Məmməd Əmrəliyev Ruslan Nağıyevə, 67 kq çəki dərəcəsində Vaqif Bəhlulzadə Raul Məmmədova qalib gəlib. 67 kq çəki dərəcəsində Pakistandan olan kikboksçu Fazil Xan ilə qarşılaşan Elnur Mahmudov rinqdən üstün xal fərqi ilə qalib ayrılıb. 75 kq çəki dərəcəsində İbrahim Şirəliyevi Elxan Əliyev, Emin Əsədovu isə Elnur Kamalov məğlub edərək fəxri kubokun sahibi olublar. Gecənin son döyüşündə ağır çəkidə mübarizə aparan Ramin Səlimov Fuad Haşımiyə məğlub olub.