“Bakıda dənizdən neft iyi gəlir” - "Zirə"nin legioneri

"Komandamızda kifayət qədər səviyyəli futbolçular var. Mərhələ keçmək üçün yaxşı şanslara malikik".
Bunu "Zirə"nin futbolçusu Qabriel Matey "Astra" ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib. 27 yaşlı müdafiəçi bildirib ki, komandada olduğu iki həftə ərzində yaxşı hazırlıq keçiblər: "Ümidvaram ki, iki oyunluq mübarizənin yekununda sevinən tərəf biz olacağıq".
Rumıniyalı yeni transfer "Zirə"yə keçənədək heç bir məlumata malik olmadığını, amma Bakıda olarkən şəhərdən valeh olduğunu deyib: "Bakı Dubay kimi çox gözəl şəhərdir. Bu seçimimə görə sevinirəm. Qapımda neft buruqları olmasa da, dəniz suyunda neft iyini hiss etdim. Bu da neft ölkəsi üçün normal haldır".
Qeyd edək ki, bu gün keçiriləcək "Astra" - "Zirə" matçı Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Cavab görüşü iyulun 20-də Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.