AVRO-2020: Ukrayna yığması 1/4 finalda!
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.
Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.
Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv say üstünlüyündən 120+1-ci dəqiqədə yararlanmağı bacarıb. Qolun müəllifi Artyom Dovbik olub.
Beləliklə, Ukrayna millisi 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.










