Rəşad Sadıqov: "Matçların təxirə salınmasına qəti şəkildə qarşıyam"

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik...
- Çox sevindiricidir ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan olması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.
- "Zirə"nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?
Futbola gəlincə, ilin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidir ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdır. Ona görədə matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumi götürsək, komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfədir bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha da yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.