Azərbaycan milli komandasının Qızıl Avropa Liqasında rəqibləri bəlli olub

Voleybol üzrə Avropa Liqasının 2021-ci il mövsümün püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan bu dəfə yalnız qadınların turnirində təmsil olunacaq.
Millimiz Qızıl Avropa Liqasında gücünü sınayacaq. Komandamız A qrupunda yer alıb. Yığmamız İspaniya, Fransa və Rumıniya ilə mübarizə aparacaq. Qrup oyunlarının I dövrəsinə gələn il mayın 28-30-da Rumıniya, II dövrəsinə iyunun 4-6-da Fransa ev sahibliyi edəcək.
Yarışda B qrupunda Bolqarıstan, Ukrayna, Slovakiya, Finlandiya, C qrupunda isə Xorvatiya, Belarus, Macarıstan və Çexiya qüvvəsini sınayacaq.
Qeyd edək ki, 2020-ci ildə turnir koronavirus pandemiyası üzündən ləğv olunub. 2019-cu ildə Qızıl Avropa Liqasında çıxış edən qadınlardan ibarət komandamız İspaniya, Belarus və Fransa ilə eyni qrupda 6 matçın hamısında uduzaraq sonuncu yeri tutub. Kişilərdən ibarət yığmamız isə 2019-cu ildə Gümüş Liqada Rumıniya, Danimarka və Gürcüstanla mübarizədə qrup üçüncüsü olub.