Futbolçular gözəl oyun nümayiş etdirdilər

Yuventus"un baş məşqçisi Massimiliano Alleqri və "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalıda "Yuventus"un "Atletiko"ya (3:0) hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlməsini şərh edib. Massimiliano Alleqri hamının bu oyunu gözlədiyini söyləyib: "Uzun müddətdir bu matçın başlamağını istəyirdilər. Oyunun gərgin keçmək ehtimalı var idi. Buna görə futbolçulara sakit olmalarını dedim. Əks təqdirdə, bizim üçün çətin ola bilərdi".
"Futbolçular gözəl oyun nümayiş etdirdilər. Onlar hücumda necə dəqiq oynadıqlarını göstərdilər. Biz bunu ilk matçda da düşünmüşdük, ancaq alınmamışdı. Oyunçular düzgün xarakter nümayiş etdirdilər və balansı itirmədən hücum etməyə davam etdilər. Spinassola sol cinahda əlaq oynadı. Bernardeski və digər futbolçular da yaxşı oyun nümayiş etdirdilər. Belə nəticəyə nail olmaq üçün bütün futbolçular yaxşı oynamalıdırlar",-deyə Alleqri əlavə edib.
Alleqri komandanın sabiq qapıçısı, hazırda PSJ-də oynayan Canluici Buffonun onları təbrik etməsinə də münasibət bildirib: "Mən PSJ-nin oyununa baxdım və onların mübarizəni dayandırmağına məyus oldum. Ümid edirəm ki, biz finala yüksələcəyik və Buffonu da özümüzlə Madridə aparacağıq".
"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik". Bu sözləri isə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib: "Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm. Sadəcə rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq. Ronaldo dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldonun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldo belə böyük klubun ruhunu nümayiş etdirdi".