Emiliano Salanın başına gələnlər futbol ictimaiyyətini kədərləndirib

Transfer olduğu Kardifə uçarkən təyyarəsi yoxa çıxan və həyatından ümid kəsilən Emiliano Salanın başına gələnlər futbol ictimaiyyətini kədərləndirib. Polis rəsmiləri açıqlayıb ki, futbolçunun sağ qalması şansları az olsa da, bu gün axtarış işlərinə yenidən başlanılıb.
Fransanın "Nant" klubundan İngiltərənin "Kardif Siti"yə transfer olan argentinalı futbolçu Emiliano Salanı Uelsin paytaxtına aparan tək motorlu təyyarə bazar ertəsi axşam Manş dənizi üzərində yoxa çıxıb.
"Pirer PA-46 Malibu" tipli təyyarə ilə əlaqə kəsildikdən sonra Guernsey adasının polisi dənizdə axtarış işlərinə dərhal başlayıb.
Sala başına gələcəkləri anlayaraq dostlarına son dəfə mesaj göndərib. Bir dəqiqəlik səsli mesajın yazısını Argentinanın "Clarin" qəzeti dərc edib: "Bir neçə hissəyə bölünəcək kimi görünən təyyarədəyəm. Kardifə gedirik. Məndən 1.5 saat ərzində xəbər çıxmasa...Məni axtarmaq üçün kimisə göndərəcəklərini bilmirəm. Çünki onsuz da məni tapa bilməyəcəklər. Çox qorxuram, ata".