Modriç `Qızıl top`un sahibi oldu

Bu gecə "France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib. Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Qızıl top”un sahibi olub. Səsvermədə Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus") ikinci, Antuan Qrizmann ("Atletiko", Fransa) üçüncü olub. Kilian Mbappe (Fransa, PSJ) dördüncü, Lionel Messi (Argentina, "Barselona) beşinci pillədə yer alıb. Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.
L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.
Mərasimdə həmçinin, ilin ən yaxşı gənc futbolçusunun da adı bəlli olub. Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.
Qeyd edək ki,"Qızıl top" mükafatını ötən il K.Ronaldo qazanmışdı.