Abituriyentlərə `Qarabağ`ın oyununa pulsuz bilet paylanacaq

"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir.
İyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşaraq “Qarabağ” - “Olimpiya” matçına pulsuz bilet əldə edə bilərlər.
Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.
Qeyd edək ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Xatırladaq ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" - "Olimpiya" (Sloveniya) matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək və qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanacaq. İlk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.