"Roma"nın hücumçusu "Qarabağ"la oyun ərəfəsində zədələnib

İtaliyanın "Roma" komandası futbolçu itkisi ilə üzləşib.
Qrequar Defrel "Cenoa" ilə A Seriyasının XIV tur matçında zədələnib.
"Roma"nın səfərdə 1:1 hesablı heç-heçə etdiyi görüşdən sonra 26 yaşlı hücumçu tibbi müayinədən keçib. Həkimlər fransalı forvardın sol dizaltı vətərində problem aşkarlayıblar. Onun "Qarabağ"la Çempionlar Liqasının VI tur qarşılaşmasına çatdırılması üçün müalicəyə başlanılıb. Bu görüş dekabrın 5-də Romadakı "Olimpiko" stadionunda olacaq.
Qeyd edək ki, Qrequar Defrel "Cenoa" ilə görüşün 58-ci dəqiqəsində Dieqo Perottinin əvəzinə meydana daxil olub.