"Başına iki dəfə çəkiclə vurdum" - 200 manatlıq qətl

Oğurluq məqsədi ilə girdiyi evdə qətl törədən şəxsin məhkəməsi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rövşən Xalıqov oğurluq məqsədi ilə Viktor Lituxinin evinə girib. Ev sahibi ilə qaşılaşarkən onu küt alətlə vuraraq qətlə yetirib. Elan olunmuş ittiham üzrə R.Xalıqov özünü təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.
O, pul lazım olduğu üçün V.Luxinin evinə girdiyini deyib: "Amma istəmədən bu hadisə baş verdi. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 mant pul və pul kartı götürdüm. Əməlimdən peşmanam".
Qətlə yetirilən şəxsin heç kimi olmadığı üçün hüquqi varis kimi Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Hüseynov tanınıb. O, ifadəsində R.Xalıqova tutduğu əmələ görə cəza verilməsini istəyib.
Şahid qismində Nigar Ələkbərova ifadəsində qeyd edib ki, qətlə yetirilmiş Viktor Lituxin onun atasının dostu olub:"Hadisədən sonra axşam tərəfi Viktora zəng vurdum, o, telefonu götürmədi. Səhərisi günü onun evinə getdim, yenə qapını açmadı. Evdən pis iyi gəlirdi. Polisə məlumat verdik. Qapı açılanda onun öldürüldüyü məlum oldu".
Növbəti məhkəmə iclası iyunun 14-nə təyin edilib.
Qətl hadisəsi ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.
Araşdırmalar zamanı hadisəni törədən əvvəllər məhkum olunmuş R.Xalıqov saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, R.Xalıqov daha əvvəl də oğurluqda təqsirli bilinərək həbs edilib.