10 illik dostunu eynək zarafatına görə bıçaqlayıb: "Dominonu sifətimə atdı"

Domino oynayarkən mübahisə etdiyi 10 illik dostunu bıçaqlayan şəxsin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Salamov Cahangir Səlim oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə Cahangir Salamov tanışı Tural Səfərovla Sabunçu rayonu ərazisində yerləşən "Məkan" kafesində mübahisə edib. Aralarında yaranmış mübahisədən bir gün sonra 2017-ci il, yanvarın 17-də onlar yenidən görüşüb.
Bu dəfə də tərəflər arasında mübahisə yaranıb. Cahangir Salamov üzərində olan bıçaqla Tural Səfərova iki dəfə zərbə endirib. Tural Səfərov hadisə yerini özü tərk edib. C.Salamov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Cahangir Salamov ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Sərbəst ifadə verən Salamov hadisənin baş vermə səbəbi haqda danışıb. O deyib ki, domino oynayarkən etdiyi zarafat dostunun xoşuna gəlməyib:
"Turalla 10 ilə yaxın dostluq etmişik. Xeyrimizdə, şərimizdə iştirak edib. Ailəvi gediş-gəlişimiz olub.
Hadisədən bir gün əvvəl domino oynayırdıq. Sonra mən onunla zarafat elədim. Zarafat taxdığı eynəklə bağlı idi. Onun da xoşuna gəlmədi. Mənə əl atdı. Domino daşını sifətimə çırpdı. Çayxanada olan uşaqlar bizi aralaşdırdı. Ordan çıxıb getdik"
Cahangir Salamov bildirib ki, bir gün sonra dostuna zəng edərək görüşmək istədiyini deyib:
"Bir gün sonra da görüşdük ki, söhbət edək. Mən ona zəng edib çağırmışdım. Məhəlləmizə gəldi. Məqsədim bu idi ki, niyə zarafatımı qəbul etmədiyinin səbəbini soruşum. Axı burda inciməli nə var idi? Bizim əvvəllər də zarafatımız olub".
C.Salamov dostunun ondan üzr istəmədiyini, yenə də onunla mübahisə etdiyinə görə onu vurub:
"Birinci gün də o, mənə əl atmışdı. Mən də üzr istəməsini gözləyirdim. Amma üzr istəmədi. Mübahisə elədik. Yenə mənə əl atdı. Mən də vurdum. Dava edəndə mən onu vuranda camaat səsə gəldi. Məni aralaşdıranda bıçaq yerə düşdü. Tural özü ayağa qalxıb getdi. Mən də çıxıb getdim. Sonra polislər gəldi".
Məhkəmədə zərərçəkmiş Tural Səfərov da ifadə verib. O da hadisənin baş vermə səbəbini eyni ardıcıllıqla danışıb.
Aralarında barışıq olduğunu deyən T.Səfərov şikayətinin olmadığını bildirib.
Məhkəmədə şahidlər də dinlənilib. Növbəti məhkəmə prosesi avqustun 21-nə təyin edilib.
Qeyd edək ki, Cahangir Salamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir.