"Vəhabilər metronu partladacaq" deyən şəxsə 6 il həbs cəzası...

Polisə yalan məlumat verərək metronun partladılacağını deyən şəxsin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Rahib Sahabovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Sahabov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, R.Sahabov 2016-cı ilin noyabr ayında Masazır qəsəbəsində yaşadığı evdən Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək vəhabi təriqətinin üzvlərinin "20 Yanvar" metronstansiyasını partladacağını deyib. Aparılan araşdırma nəticəsində onun yalan məlumat verdiyi müəyyən olunub.
O, içkili olduğunu və əməlindən peşman olduğunu bildirib: "İçmişəm, sərxoş olmuşam. Hadisədən əvvəl qardaşım rəhmətə getmişdi. Bir həftə idi ki, hər gün içirdim. Peşmanam. Nə dediyimi, niyə dediyimi də bilmədim".
Qeyd edək ki, R.Sahabov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə təqdirli bilinir.