"Humanitar yardıma görə getmişdim"- İŞİD üzvü olmaqda təqsirləndirilən azərbaycanlının işi

Suriyada və digər ölkərlərdə qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Quba rayonundan anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb.
Türkiyədə ailə həyatı quran Rövşənin 3 azyaşlı uşağı var. Həyat yoldaşı Türkiyə vətəndaşıdır.
Məlum olub ki, onların rəsmi nikahı yoxdur. Rövşən isə Bakıya rəsmi nikaha düşmək üçün qayıtdığını söyləyib.
O deyib ki, Suriyada və digər ərəb ölkələrində olub.
"Həmin ölkələrə getmişəm. Lakin heç bir döyüşdə iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nümayəndələrinə yardım etmişik. Sonra Bakıya gəldim"- deyə o, qeyd edib.
Məhkəmənin növbəti iclası avqustun 9-a təyin edilib.
Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.