6 tələbənin ölümünə görə axtarılan sürücü tapıldı: "Qorxduğum üçün qaçdım"

6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.
Məhkəmə prosesində bir müddətdir axtarışda opan yaşıl "Ford"un sürücüsü Rauf Seyfullayev ifadə verib. Onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarılmışdı. Bildirək ki, yaşıl "Ford"un tələbələri daşıyan "Ford"la ötüşdeyü, bu zaman qəza baş verdiyi iddia edilir.
Rauf Seyfullayev deyib ki, hadisə baş verən gün təqsirləndirilən Namiq Hüseynov arxadan gələrək onu sağ tərəfdən ötüb: "Qarşıda da "Zil" dayanmışdı. Hazırda sürücülük vəsiqəmə həbs qoyulub. Bu işə görə məhkəmə qərar çıxarıb. "Ford"u da satmışam. Mən heç bir avtoxuliqanlıq etməmişəm. Kamera görüntüləri də var ki, günahım yoxdur. Öz 90-lıq yolumla saatda 80 km-lə getmişəm".
R.Seyfullayev qanunsuz sərnişin daşıma ilə məşğul olduğunu etiraf edib: "Sərnişinləri qanunsuz daşımışam. Heç bir dövlət qurumu ilə müqavilə bağlamamışdım. Hadisədən sonra saxladım, uşaqların birinin üzünə su vurdum. Sonra qorxduğum üçün hadisə yerindən qaçdım".
Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib.
Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.