Aşıq Əlinin qohumunu öldürənə ağır cəza istənildi - aşıq məhkəməyə niyə gəlmədi?

Toyda qətl törətməkdə təqsirləndirilən şəxsə cəza istənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün baş tutan prosesdə şahid qismində Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub: "Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm ki, Vüsal yoxdur. Dedim yəqin çölə çıxıb. Bir də gördüm ki, dava düşüb. Getdik gördük ki, Vüsal Fəxrini bıçaqlayıb".
Şahid qeyd edib ki, Vüsalla Fəxri arasında 3-4 illik münaqişə olub: "Səbəbini bilməsəm də, bir-biri ilə düşmənçilikləri vardı. Toy vaxtı da Fəxri əldə-ayaqda idi".
Digər şahid Anar Mütəllimov da toyda iştirak edənlərdən olub. O, ifadəsində qeyd edib ki, Vüsalla eyni masada oturub.
Şahid davadan sonra Fəxrinin bıçaqlandığını gördüyünü söyləyib: "Arxam hadisə olan yerə idi. Mən çönüb baxanda camaat ayaq üstəydi. Qaçıb ora gedən Fəxrinin köynəyi qana bulanmışdı. Onda bildim ki, Vüsal Fəxrini vurub. Əvvəldən bilirdim ki, Fəxri söyüş üstündə Vüsalı döyüb".
Hakim bildirib ki, bu işdə şahid qismində Aşıq Əlinin (Tapdıqoğlu) adı keçir. O, məhkəməyə məktubla müraciət edərək istintaqa ifadəsini təsdiqlədiyini deyib: "O, bizə məktubla müraciət edib ki, hazırda Rusiyadadır. Həmin toyda saz ifa edib. Lakin məhkəməyə gələ bilmir. Ölkədə olmadığını əsas gətirərək istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib".
Digər şahid Əli Əşrəfov isə ifadəsində bildirib ki, 4 il əvvəl Fəxrinin Vüsalı döydüyü həmin hadisə baş verən kafedə olub:"Səs-küy vardı. Vüsal da ucadan danışırdı. Fəxri Vüsaldan asta danışmasını istədi. Aralarında mübahisə yarandı. Fəxri Vüsalı çölə çıxartdı. Bir müddət sonra səs-küy qalxdı. Vüsalın başı partlamış, burnu qırılmışdı. Ondan sonra Vüsal mənə deyirdi ki, Fəxri ilə aralarında kin qalıb. Fəxri Vüsalı harda görsə onu döymək istəyirdi".
Zərərçəkmiş şəxsin hüquqi varisi olan atası şahidin ifadəsinə etiraz edib. O, şahidi vicdanlı danışmağa çağırıb: "Nəyisə danışanda vicdanla danış. Orda Vüsal oğluma bıçaq çıxartdığı üçün döyüb. Sən burda indi guya kimisə qoruyursan. Allahın olsun, vicdanla danış".
Şahid isə Vüsalın əlində bıçaq görmədiyini, nə görübsə onu danışdığını deyib. Prosesin davamında hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Vüsal Nemətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi isə təqsirləndirilən şəxsə ömürlük cəza istəyib. Növbəti məhkəmə prosesi iyulun 19-da davam edəcək.
Qətl ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
Məlum olub ki, Vüsal Nemətovla Fəxri Kərimov 2013-cü ildən ədavətli olublar. Belə ki, idmançı olan Fəxri Kərimov qəssab işləyən Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub.