Nişan üzüyünü qaytaran 26 yaşlı İlahəni öldürüb, indisə xəstə olduğunu deyir

Tüfeyli həyat tərzi sürdüyü üçün üzüyü qaytaran nişanlısını öldürən şəxsin məhkəməsi başlayıb. Qətli törədən şəxs əməlini etiraf etsə də anlaqsız olduğunu deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində nişanlısını qətlə yetirməkdə təqdirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə çıxış edən Nəcəf Məcidov deyib ki, xəstəlikdən əziyyət çəkir və müalicəyə ehtiyacı var: "Hərdən anlaqsız oluram. Müalicə olunmağıma ehtiyacım var. Bunu deməkdə məqsədim cinayətimi danmaq deyil".
O, həmçinin bildirib ki, işdə bir sıra qaranlıq məsələlər var. Hakim isə deyib ki, təqsirləndirilən şəxsin xəstəliyi və qaranlıq məqamlarla bağlı məsələ məhkəmə istintaqı zamanı araşdırılmalıdır.
Məhkəmədə həmçinin məlum olub ki, öldürülən İlahə Ağayevanın anası Türkiyədədir. Zərərçəkmişin hüquqi varisi qismində tanınan anasının prosesdə iştirak etməməsi səbəbində hazırlıq iclası növbəti prosesdə davam etdiriləcək. Məhkəmənin hazırlıq iclasının davamı iyulun 6-da keçiriləcək.
İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb. Məlum olub ki, Nəcəf Məcidov məlum qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb. Nəcəf Məcidov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Qətlin baş vermə səbəb isə budur ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb isə Nəcəfin tüfeyli həyat sürməsi olub.
Bundan sonra Nəcəf Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.
Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.