Qaynanasını öldürən şəxs hakim qarşısına çıxarılıb: "Artıq gec idi"

Qayınanasını öldürən şəxsin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
İlk şahid dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov olub. O, deyib ki, hadisənin birbaşa şahidi olmayıb: "Dedilər ki, həkimi bıçaqladılar. Gedəndə gördüm ki, otaq qandır. Sonra polislər gəldi. Hadisəni törədən şəxsin dispanserə haradan keçməsini görməmişəm".
Təqsirləndirilən şəxs hakimin sualına cavabında dispanserə girişdən girdiyini, qətli törədəndən sonra da girişdən çıxdığını bildirib.
Digər şahid isə Kərimov Ariz olub. O, dispanserdə həkim işləyir. Şahid deyib ki, hadisədən xəstələrin məlumat verməsi ilə xəbər tutub: "Biz gedəndə artıq gec idi. O, dünyasını dəyişmişdi. Hadisəni kimin törətdiyini görmədim".
Mərhumun hüquqi varisi kimi tanınan qızı şahidlərə sualının olmadığını deyib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Hadisə Xəzər rayonu, Binəqədi qəsəbəsibdəki Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib. E.Hüseynov dispanserə gələrək qayınanasından qızını geri göndərməsini tələb edib.
F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.