Nazir qardaşı məhkəməyə gəlmədi- mübahisə düşdü

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesə nazir qardaşı gəlməyib.
Hakim bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edib.
Təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edərək Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət verib: "Xüsusatlar onun özü ilə bağlıdır, bəzi suallara cavab verməlidir".
Hakim bildirib ki, Ə.Camalov məhkəməyə ərizə təqdim edərək bildirib ki, hüquqlarını nümayəndəsinə etibar edib və özünün iştirakı olmadan baxılmasını istəyib.
Təqsirləndirilən şəxsin vəkili C.Yusifov vəsatət verərək nazir qardaşının məhkəməyə gətirilməsini istəyib.Vəsatət təmin edilib və hakim bildirib ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsi təmin ediləcək.
Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib.
Təqsirləndirilən S.Nəbiyev özünü təqsirli bilmədiyini bildirib.
Prokuror ifadə verməyə təqsirləndirilən şəxsdən başlanılmasını təklif edib. Bu isə mübahisəyə səbəb olub. Vəkil C.Yusifov deyib ki, müdafiə etdiyim şəxs özünü təqsirli bilmədiyi üçün ifadə almağa zərərçəkmişdən başlanılmalıdır.
Hakim isə bununla razılaşmayıb və ifadə verməyi təklif edib. S.Nəbiyev ifadə verməkdən imtina edib.
Məhkəmə prosesi iyunun 24-də davam etdiriləcək.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaqtəklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.