6 tələbənin öldüyü avtoqəza ilə bağlı məhkəmədə vəkil hər kəsi təəccübləndirdi

6 tələbinin öldüyü qəzaya görə həbs edilən sürücü hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.
Hakim bildirib ki, təqsirləndirilən şəxsə dövlət hesabına vəkil Şirin Atayev təyinatla göndərilib. Hakim tərəflərin vəkilə etirazının olub-olmadığını soruşub.
Qəzada dünyasını dəyişən tələbələrin valideynləri vəkilə etiraz edib. Onlar deyiblər ki, 6 tələbənin ölümünə, 21 nəfərin yaralanmasına səbəb olan şəxsi müdafiə etmək olmaz.
Bu zaman qəzaya səbəb olan sürücünü müdafiə edən vəkil Ş.Atayev valideynlərdən hadisə haqda soruşub. Məlum olub ki, vəkil müdafiə etdiyi şəxsi tanımır və hadisədən xəbərsizdir. Vəkilin sualları isə hər kəsi təəccübləndirib.
"Bu, hansı qəzadır? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu, həmin adamdır? Hə, Allah rəhmət eləsin" - deyə vəkil bildirib.
Hakim isə zərərçəkmişlərə deyib ki, etiraz yalnız qanun çərcivəsində olmalıdır. Prosesdən sonra dünyasını dəyişən tələbələrin valideynləri təqsirləndirilən şəxsi hədələyiblər. Məhkəmə işi baxışa verilib. Proses iyunun 29-a təyin edilib.
Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə isə yaralanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.