İcra hakimiyyətinin şöbə müdirini bıçaqlayan şəxsə hökm oxundu

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Ş.Mədətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şakir Mədətov İkinci Nügədi kənd sakinidir.
Hadisə elə həmin kənddə baş verib. Belə ki, icra hakimiyyətinin şöbə müdiri də həmin kəndin sakinidir və bu iki həmkəndli arasında torpaq sahəsi üstündə mübahisə düşüb. Nəticədə Mədətov Əmrullayevi bıçaqlayıb.
Belə ki, Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də bu səbəbdən başlayıb.
Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.