23 yaşında həbsə düşüb- hasardan evlərinə boylanan şəxsi axtarırmış...

Hasardan evlərinə baxan tanımadığı şəxsə görə öz qonşusunu bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1995-ci il təvəllüdlü Sərvan Rəşidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
İttihamda yazılır ki, Abşeron rayonunda yaşayan Sərvan Rəşidov qonşusu Murad Xəlilovu bıçaqlayıb.
Sərvan Rəşidov tanımadığı şəxsin hasardan evlərinə boylandığını görüb. Evdən çıxaraq onun arxasınca qaçsa da çata bilməyib. Sərvan daha sonra məhəlləyə qayıdıb.
Murad Xəlilov iki nəfər məhəllə sakini ilə söhbət edərkən Sərvan Rəşidov onlara yaxınlaşıb. O, evlərinə boylanan şəxsi tanıyıb-tanımadıqlarını qonşularından soruşub. Onlardan "yox" cavabı alarkən qəzəblənən Sərvan Rəşidov yüksək səslə evlərinə boylanan naməlum şəxsin ünvanına söyüş söyməyə başlayıb.
Murad Xəlilov isə buna görə Sərvan Rəşidova iradını bildirib və söyüş söyməməsini istəyib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb.
Mübahisə zamanı Sərvan üzərində olan bıçaqla Muradın qarın nahiyyəsinə bir zərbə vurub. Xəstəxanaya çatdırılan Muradın həyatını xilas etmək mümkün olub.
Məhkəmə iclasında Sərvan Rəşidov elan olunan ittihamla özünü təqsirli bildiyini söyləyib. O, ittihamla eyni məzmunlu ifadə verib.
Məhkəmə prosesində zərərçəkmiş şəxsin iştirak etmədiyi məlum olub. Zərərçəkmiş Murad Xəlilov təqsirləndirilən şəxslə barışması ilə bağlı məhkəməyə notariusda təsdiqlənmiş sənəd göndərib. O, Sərvan Rəşidova qarşı şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini istəyib.
Növbəti məhkəmə iclasında şahidlər igadə verəcək.
Qeyd edək ki, Sərvan Rəşidov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqdirli bilinir.