Ziya Məmmədovun qohumunun pulunu mənimsəyənə cəza kəsildi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sənan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. Məlumata görə, S.Cəfərov marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.
R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.
Bundan sonra Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildokdə) maddəsi ilə ittiham edilib. Məmimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.