İt gəzdirən qardaşları bıçaqlayana cəza kəsildi

Küçədə it gəzdirən qardaşları bıçaqlayan şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yeyirməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Məlikov Elşən Tahir oğlunun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hökmə əsasən Elşən Məlikov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. Elşən Məlikov yaşadığı məhəllədən keçən Elxan Əhmədov və Mahir Əhmədovla mübahisə edərək onları bıçaqlayıb.
Səbəb isə Əhmədov qardaşlarının gəzdirdiyi itin yoldan keçən sakinlərə hürməsi olub. E.Məlikov itin sahibinə iradını bildirib və iti oradan aparmalarını istəyib. Bu irada görə tərəflər arasında mübahisə başlayıb.
Əhmədov qardaşları əlbəyaxa olan zaman E.Məlikovun bıçaqlı hücumuna mərzu qalıblar. Hər iki qardaş yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, onların həyatını xilas etmək mümkün olub.
Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən E.Məlikov özünü qismən təqsirli bilib. Ona Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3 maddələriiklə ittiham irəli sürülüb.
Zərərçəkmişlər E.Məlikovdan şikayətçi deyillər.