Karlar Cəmiyyətinin sədr müavini özünü təqsirli bilməyib

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tükanov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, M.Tükanov cəmiyyətə məxsus torpaq sahəsini ayrı-ayrı şəxslərə satıb. Məlumata görə M.Tükanov bunun qarşılığında tikinti şirkətlərindən pul və mənzil alıb.
M.Tekanov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb.
Xatırladaq ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tükanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Məhkəmənin qərarı ilə M.Tükanov barəsində həbs qətimkan tədbiri seçilib.
Bildirək ki, M.Tükanov Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyır.
Rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən M.Tükanov həbsindən əvvəl daha bir qalmaqalla gündəmə gəlmişdi. Belə ki, M.Tükanov "26 məzarı"nı ziyarət etdiyi məlum olmuşdu.