Sevdiyi qadını öldürən və daha iki nəfəri bıçaqlayan şəxsə cəza kəsildi

Bakıda sevdiyi qadını öldürən, daha iki nəfəri isə yaralayan şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən D.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
S.Məmmədov məhkəmədə qətli namus üstündə törətdiyini, zərərçəkmiş Mahirə Həsənovanın arvadını yoldan çıxardığını bildirib.
İttihama görə, S.Məmmədov bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanına (keçmiş "Sovetski") gəlib. S.Məmmədov 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlayıb, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızını isə qətlə yetirib. S.Məmmədovun qətlə yetirdiyi qadınla bir müddət əvvəl tanış olub və birgə yaşamağa başlayıb.
Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun qeyd edilən hadisəni törətməsi barədə ittihamda yazılır ki, o, birlikdə yaşadığı Mahirə Əliyevaya verdiyi pulu geri ala bilməyib. Bu səbəbdən də aralarında mübahisə yaranıb.
Belə ki, S.Məmmədov vəfat edən anasının məzarına baş daşı almaq üçün evə 415 manat pul qoyub.
İttihamda yazılır ki, Mahirə Əliyeva iş gedən S.Məmmədova zəng edərək pulun oğurlandığını deyib. M.Əliyeva pulu qonşusu Laçın Həsənovun götürdüyünü deyib. S.Məmmədov əvvəlcə birlikdə yaşadığı qadınla, sonra isə qonşusu Laçınla mübahisə edib. Bir neçə gün sonra isə bu qanlı hadisə baş verib.
Amma S.Məmmədov məhkəmədə fərqli ifadə verib. O, Mahirə Əliyevanı pul üstündə yox, namus üstündə öldürdüyünü söyləyib.
Qeyd edək ki, S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir.