Dələduzluqda ittiham edilən müəllimənin şikayəti rədd edildi

Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham edilən müəllimə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Validə Əsədova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V.Əsəsdovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib.
Bildirək ki, 276 saylı məktəb-liseyin müəlliməsi olan Validə Əsədova bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir. Amma müəllimə ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
İttihama görə, V.Əsədova Bakı sakinlərinin etibarından sui-istifadə edərək onları aldadıb. Nisyə aldığı qızıl-zinət əşyalarının pulunu ödəməyib. Müəllimə öz soyadını dəyişərək istintaqdan da yayınmağa çalışıb.
Validə Əsədova Bakı sakinləri Məharət İsmayılov, Leyla Hüseynova, Samirə Bağırova, Əbil Əbilov, İlham İbişov və digərlərinə qarşı dələduzluq etməkdə təqsirləndirilir. İttiham aktında yazılır ki, V.Əsədova L.Hüseynovadan nisyə qızıl alıb. İlkin ödəniş kimi 1900 manat versə də qalan 7 min manat məbləği ödəməyib.
“CaspianShop” Ticarət Mərkəzində qızıl-zinət əşyaları mağazasının sahibi olan İlham İbişovdan 25 min manat dəyərində qızıl alıb. Bir hissəsini ödəsə də qalan 15 min manat məbləği ödəməyib.
“Moskva” univermağında qızıl alveri ilə məşğul olan Əbil Əbilov da müəlliməyə nisyə qızıl verən, sonra pulunu geri ala bilməyənlərdəndir.
Digər bir ittiham isə Bakı sakini Vahid Haşımovun torpaq sahəsinin ələ keçirilməsi ilə bağlıdır. İttiham aktında yazılır ki, V.Əsədova Haşımova məxsus torpaq sahəsini 200 min manata alacağı ilə bağlı razılaşıb və sənədləşmə işləri aparılıb. Lakin bundan sonra V.Əsədova 200 mini ödəməyib. Və həmin torpağı başqa şəxsə satıb.
Bunlardan əlavə V. Əsədova ali məktəblərə tələbə qəbulu, qəbul imtahanlarında aşağı bal toplamış abitruyentlərin ali məktəblərə qəbuluna kömək edəcəyi adı ilə də bəzi şəxslərdən pul alıb.
Övladını universitetə düzəltmək adı ilə pul aldığı şəxslərdən biri də qeyri-rəsmi münasibətdə olduğu Vüqar Kazımovun bacısı olub. V.Əsədovanın sevgilisinin bacısından Qərb Universitetində oxuyan oğlunu başqa universitetə köçürmək üçün 4500 manat aldığı qeyd edilir.
V.Əsədova özünü təqsirli bilmədiyini deyərək söyləyib ki, şikayətçilərdən biri olan Vüqar Kazımovun bacısı ona şər atır:“Vüqarın bacısı istəmir ki, qardaşı ailə həyatı qursun. Ona görə də yalandan mənə şər atır. Ondan pul almamışam. Mən ali təhsilli müəlliməyəm. Mənə qarşı bu işi düzüb-qoşublar. Bütün bunları müstəntiq Eldar Abdullayev edib. Leyladan da aldığım qızılların pulunu ödəmişəm. Amma müstəntiq onu məcbur edib ki, məndən şikayət etsin. İlham müəllimlə də razılaşmışam. Borcumun bir hissəsini ödəmişəm. Qalanını da ödəyəcəm”.
Validə Əsədova qızılları özünün istifadəsi üçün aldığını deyir. V.Əsədova bildirib ki, pulunu ödəmədiyi qızılları istintaqa təhvil verib: “Qızılları özümə almışam. Obyektlərim də var”.
Qeyd edək ki, V.Əsədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müəllimə apellyasiya şikayəti verib.
Xatırladaq ki, V.Əsədova 2015-ci ilin noyabrında həbs olunub. Əvvəl onun soyadı Əbilova olub. Vətəndaşların şikayətindən sonra soyadını dəyişərək Əsədova edib. Ancaq məsuliyyətdən yayına bilməyib.