Onlar narkotik satır, azərbaycanlı tanınmışlar isə insan... - SİYAHI

Sənət dünyasının tanınmış simaları hər zaman yaradıcılıq, göstərdiyi şou və konsertlərlə gündəmə gəlmir. Son dövrdə onların adı cinayət işlərində tez-tez hallanır. Belə ki, ötən gün müğənni Günel Ələkbərovanın Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb.
Cinayət Məcəlləsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. Müğənni isə haqqında yazılan xəbərləri cəfəngiyyat adlandırıb.
2018-ci ilin ilk günlərində Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb. Ona da Cinayət Məcəlləsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. İttihama görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.
Yalnız azərbaycanlı tanınmışların kriminal aləmlə olan bağlılığı üzə çıxmır. Dünyaca məşhur simalarının da adı cinayət işində hallanır. Onlar daha çox narkotik maddələrin satışı və istifadəsində ittiham edilir. Həmkarına təcavüz edən, vergidən yayınan tanınmışlar da çoxdur.
Türkiyəli müğənni Dəniz Səki narkotik satışında ittiham olunaraq. Uzun müddət həbsdə yatıb. Bundan əlavə, aktyorlar Çağatay Ulusoy, Camal Hünal, Gizem Karaca, Yusuf Akgün, Ayşə Boronkay və müğənni Cenk Eren kimi tanınmışların da adı narkotik qalmaqalında hallanıb.
"Rush Hour" və "X Men" kinolarının rejissoru, 49 yaşlı amerikalı Bret Retnerin 6 aktrisa və modelə təcavüz etməkdə təqsirləndirilir. Amerikalı prodüser Harvi Vaynşteyn, kinorejissor Roman Polanski , Ceyms Tobak Alfred Hiçkoka da aktrisalara təcavüzdə günahlandırılır.
Azərbaycanda isə əsasən qadın tanınmışların adı cinayətdə hallanır. Yerli məşhurlar yüksək vəzifəli məmurlardan, imkanlı şəxslərdən, avtoritetlərdən güc vasitəsi kimi istifadə edir, sevmədikləri insanlara hədə-qorxu gəlir, onların pulu hesabına gözəl həyat sürürlər. Çox zaman isə bu həyat tərzi onlara xoşbəxtlik gətirmir. Güvəndikləri şəxslərin yolu hüquq-mühafizə orqanlarına düşəndə özlərini bir an ya həbsdə, ya polis idarəsində tapırlar.
Hazırda həbsdə olan müğənni Fədayə Laçının cinayət işi davam edir. O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.
Müğənni Maral Tahirqızı isə evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək, həbs olunub. Cəzasının bir qismini çəkən ifaçı bu il azadlığa buraxılıb.
Müğənni Mətanət İsgəndərlinin adı iki dəfə "MTN işi"ndə hallanıb. Hətta, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev onu "MTN agenti" olmaqda suçlayaraq, qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia etmişdi.
"MTN qalmaqalı"nda müğənni Şəbnəm Əsədovanın (Şəbnəm Tovuzlu) da adı hallanıb. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb.
Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində də çoxlu sayda müğənnilərin adları hallanırdı. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxınlığı ilə seçilib. Eyyub Yaqubov, İlhamə Quliyeva, Manana onunla dostluq edən müğənnilər siyahısındadır.
Tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 144-cü ( insan alveri) maddəsi ilə cinayət işi başladılıb.