Qohumun yasına getdiyi üçün qardaşını bıçaqlayıb

Qardaşını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Hadisəyə səbəb ailə münaqişəsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub. Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda Zaur Əliyev şahid qismində ifadə verib.
Z.Əliyev hadisənin əsas şahididir. Qardaşlar arasında dava olarkən hadisə yerində olan yeganə şəxsdir. Şahid əvvəlcə ifadə vermək istəmədiyini, istintaqa dediklərini təsdiq etdiyini söyləyib. Səbəbini isə belə izah edib ki, artıq qardaşlar barışıb və iş mehribançılıqla həll edilib.
Amma məhkəmə şahiddən ifadə verməsini tələb edib. Z.Əliyev deyib ki, hadisə baş verən gün təqsirləndirilən şəxs Qarakişi Babayevlə birlikdə yeyib-içirmişlər. Bir müddət sonra onların yanına Qarakişi Babayevin qardaşı Mirdaməd Babayev gəlib.
Sonra həmin qardaşlar arasında mübahisə yaranıb. Səbəb isə ailə münaqişəsi olub. Belə ki, Mirdaməd Babayev qardaşının qohumlarından birinin yas mərasimində iştirak etməsinə irad bildirib.
Z.Əliyev söyləyib ki, Mirdaməd qardaşına niyə yas mərasiminə getdiyini deyib. Daha sonra onlar əlbəyaxa olublar. Şahid onları sakitləşdirdiyini söyləyib.
"Sonra evə getdim. Axşam tərəfi bildim ki, Mirdaməd qardaşını bıçaqlayıb. Hadisə vaxtı xəbərim yox idi" - deyə şahid qeyd edib.
Qeyd edək ki, Qarakişi Babayevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.