Ağır qəza törədən tələbənin məhkəmə işi - iki nəfər ölüb

Avtomobillə qəza tərədərək iki nəfərin ölümünə səbəb olan tələbə Arif Rəhimov hakim qarşısına çıxarılıb.
O, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinir.
Işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılır.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında 1998-ci il təvəllüdlü Arif Rəhimovun subay, orta təhsilli olduğu və heç bir yerdə işləmədiyi qeyd edilir.
Qəza törədən zaman Arif Rəhimov birinci kurs tələbəsi imiş. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alırmış.
Məhkəmə prosesində Qalib Rəhimovla yanaşı zərərçəkmiş şəxslər və dünyasını dəyişən şəxslərin hüquqi varisləri də iştirak edib.
Hazırlıq iclası başa çatıb və baxış iclası yanvarın 12-nə təyin edilib.
Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub.
İdarəetməni itirərək avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı Arif Rəhimov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Məlumata görə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən qəza törədib.
Qeyd edək ki, A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.