Analığına qarşı dələduzluq edən şəxsə hökm oxundu - azadlığa çıxdı

Analığına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Nazim Zülfüqarov analığınının külli miqdarda pulunu ələ keçirməkdə təqsirli bilinərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Nazim Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edib.
Məhkəmədə elan edilən hökmə əsasən N.Zülfüqarov 5 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilməklə cəza təyin edilib.
Cəza təyin etmə müddəti bitdiyindən 320-ci (sənədlərin saxtalaşdırılması) maddə ilə bəraət verilib.
O, məhkəmə zalından azadıığa buraxılıb.
Cinayət işi materiallarında yazılır ki, N.Zülfüqarov analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçirib. Belə ki, G.Əliyeva pulunu banka qoymaq üçün N.Zülfüqarova verib. Banka qoyulan pullar G.Əliyevanın xəbəri olmadan saxta etibarnamə ilə ələ keçirilib.
G.Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.
Nazim Zülfüqarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham edilir.
Təqsirləndirilən şəxs rəsmi sənədi saxtalaşdırması ilə bağlı ittihamı qəbul etsə də, ögey anasının külli miqdrada əmlakını dələduzluq yolu ilə ələ keçirməsi ittihamını qəbul etmir.
Məhkəmə istintaqı dövründə dəymiş zərərin bir hissəsi ödənilib.