Tanışını şit zarafa görə ov bıçağı ilə vurana şərti cəza verildi

Zarafatlaşdığı tanışını ov bıçağı ilə vuran şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Ramella Allahverdoyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən C.İbrahimov barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
İttihamda yazılır ki, hadisə 14 fevral 2015-ci ildə baş verib. Lökbatan qəsəbə sakini olan Cabir İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra isə onu "Rus qəbiristanlığı" deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə qəsdən bıçaqlayıb.
Elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyən Cabir İbrahimov sərbəst ifadə verib.
O, bıçağı "Sədərək" ticarət mərkəzindən aldığını söyləyib.
Cabir İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən Farizin onunla şit zarafat etməsini göstərib.
O, əməlindən peşman olmadığını söyləyib.
Məhkəmədə zərərçəkmiş şəxs Fariz Abbaszadə də ifadə verib. Fariz Abbaszadə heç bir şikayət və tələbinin olmadığını deyib.
Qeyd edək ki, Cabir İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.