Qız söhbətinə görə adam öldürən gəncə cəza kəsildi

Qız üstündə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə iclasına hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmədə hökm oxunub. Hökmə əsasən T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən iclasda prokuror Ramin Nağdəliyev bildirmişdi ki, T.Sadıqovun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib. Prokuror T.Sadıqovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öıdermə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.
İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.
Məlum olub ki, T.Sadıqov mərhumu qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına zəng etdiyi üçün öldürüb.