Narkomaniya və erkən nikaha qarşı mübarizə davam etdirilir

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi Zopun kənd tam orta məktəbində şagirdlərlə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “Erkən nikah və onun fəsadları”, həmçinin “Dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirib. Tədbirdə pedaqoqlar, kənd ictimaiyyətinin nümayəndləri, Zopun və Həsənli məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyev narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edib. Qeyd edib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar. Narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Bu kimi neqativ hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Erkən nikah hallarına daha çox ucqar rayonlarda, xüsusilə kəndlərdə rast gəlindiyi üçün bu cür tədbirlərin məhz yerlərdə təşkil olunmasının xüsusilə əhəmiyyətli olduğu qeyd edilib. Daha sonra isə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb