"Bankda 3 milyon problemli kredit olduğu halda..."- bank işçilərinin məhkəməsi

"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib.
Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan növbəti prosesdə şahid qismində filialda audit yoxlaması aparan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əməkdaşları ifadə verib.
Onlar bankın "Şamaxı" filialında problemli kreditlərlə bağlı aparılan yoxlamalar barədə danışıblar.
Təqsirləndirilən Əlisultan Məmmədov bu yoxlama qərarı ilə razı olmadığını deyib.
"Bankdakı yoxlama mənim xəstə olduğum, insult keçirdiyim ərəfədə aparıldı. Həmin yoxlamanın nəticələri ilə razı deyiləm, çünki tam olaraq qərəzli aparılıb. Bankda 3 milyon manatlıq problemli kredit olduğu halda yalnız mənim adıma olanları axtarıb, çıxarıblar. Kredit götürən qohumlarımı çağırıb izahat alıblar"- deyən Ə.Məmmədov bu yoxlamanı qərəzli hesab edib.
Ə.Məmmədov deyib ki, xanımının da adına həmin bankda kredit olub: "Mənim maaşımdan tutub kreditin ödənilməsinə yönləndiriblər".
Məhkəmədə zərərçəkmişlərdən Ramiz Əsgərov da ifadə verib.
O deyib ki, Əlisultan Məmmədov qardaşının yaxın dostu olub. Buna görə də adına kredit götürülməsinə razı olub:
"3 min manat bir, 1800 də bir götürüb Əlisultan müəllimə vermişəm. Sonra öyrəndim ki, kreditlər ödənilməyib. Alınan pullardan mənə heç nə çatmayıb. Bir gün də bankdan çağırıb dedilər ki, kreditlər ödənilməyib. Mən də Əlisultan müəllimə zəng elədim. Dedi ki, narahat olma, həll edəcəm. Amma ödənilmədi"
Bu epizod üzrə təqsirləndirilən Əlisultan Məmmədov qeyd edilən kreditlərin 2900 manatının ödənildiyini, faizlərlə qalan məbləğin isə ödənilməmiş qaldığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.