Nazpəri Dostəliyevanın seyfini oğurlayanlar hakim qarşısında: narkotik ittihamı da var

Müğənni Nazpəri Dostəliyevanın seyfini oğurlayan şəxslər ev dustaqlığına buraxılmadılar.
Nərimanov Rayon Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun məhkəməsi keçirilib. Məhkəmədə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətə baxılıb. Proses hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutub.
Təqsirləndirilən şəxsin vəkili Fariz Namazlı vəsatətində qeyd edib ki, A.Həmidovun irəli sürülən ittihamlar əsassızdır: "19 avqust 2017-ci ildə Nazpəri Dostəliyevanın Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsində yerləşən evində oğurluq hadisəsi baş verən zaman Asif Həmidov orada olmayıb, Sumqayıtda olub. Onun bu işlərdən, oğurluq hadisəsindən xəbəri yoxdur və buna görə də müvəkkilim kimlərləsə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyini, kiminsə evinə oğurluğa getməsini söyləmək əsaslı deyil".
F.Namazlı əlavə edib ki, istintaq orqanı oğurluq hadisəsi baş verən zaman A.Həmidovun həqiqətən də N.Dostəliyevanın evinin ətrafında olmasını, onun digər həbs edilən şəxslərlə qabaqcadan əlbir olmasını, cinayət əlaqəsinə girməsini təsdiq edən heç bir sübut toplamayıb.
Müdafiə etdiyi Asif Həmidovun narkotik vasitə əldə etməsi, satış niyyətinin olmasını təsdiq edən heç bir sübutun mövcud olmadığınl deyən vəkil bu ittihamı da əsassız hesab edib: "Narkotik vasitənin külli miqdarda olması onun həqiqətən də satış niyyəti ilə əldə etməsinə dəlalət etmir. İstintaq orqanı narkotik vasitənin həqiqətən də əldə edilməsini, təqsirləndirilən şəxsin onu satmaq niyyətinin olmasını sübut edən arqumentlər ortaya qoymalıdır. Lakin belə sübutlar mövcud deyil".
Məhkəmənin davamında qərar elan olunub. Qərara əsasən, məhkəmə vəsatəti təmin etməyib. Vəkil F.Namazlı deyib ki, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
Rəsmi məlumata əsaəsn, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurlayıblar.
Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Rəsmi məlumata görə, həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Bu cinayətə görə həbs edilənlərdən A.Həmidovun avtomobilindən, digərlərinin isə yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.