Hadisə yerindən qaçan sürücülər saxlanılıb
Polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri ilə noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil veriliblər.
DİN-in mətbuat xidmətindən Milliqazetä verilən məlumata görə, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyən edilib.
29-cu Polis bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.
Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.
Suraxanı RPİ və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla araşdırma aparılır.










