Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi başlayır.
Nail Allahverdiyevin cinayət işi üzrə istintaq başa çatıb və iş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə noyabrın 24-də baxılacaq.
Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıblar.
Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.
Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb.