Sabiq bələdiyyə sədri məhkəmə zalında həbs edildi - 8 il müddətinə həbs

Sabiq bələdiyyə sədrinin məhkəməsi davam etdirilib. O, dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilir.
Abşeron rayonu, Qobu bələdiyyəsinin keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi üzrə məhkəmə keçirilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədriliyi ilə baxılıb.
Məhkəmədə hökm elan edilib. Hökmə əsasən Ə.Əmiraslanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Və məhkəmə zalında həbs edilib.
Ötən prosesdə prokuror Ənvər Əmiraslanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalında həbs edilməsini istəmişdi.
İttihama görə, Ə.Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakına xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.
Aldatma və etibardan sui-istifadə etmək yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib. O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.
Sabiq bələdiyyə sədri ev dustaqlığındadır və o, Cinayət Məcəlləsinin 178.3.2-ci, 179.3.2-ci, 320.1-ci maddələri ilə ittiham edilir.