"Öldüyünü bilib iki əlini başına vurub ağladı"- klubdakı müəmmalı ölüm işi

Klubdakı müəmmalı qətlə görə həbs edilən şəxsin məhkəməsi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Məmmədovun sağlamlığa qəsdən ağır zərər vurmaqda və ölümünə səbəb olmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə istintaqının yeniləndiyi elan edilib.
Ötən proseslərdə ifadə verən şəxslər yenidən dindirilib.
İlk şahid mərhumla birlikdə gecə klubuna gedən dostu Rahil Məlikov olub.
O, əsas şahid kimi dindirilib. Mərhumun atası Oktay Məmmədov şahidə sual verib ki, oğlunun əynində olan paltarların dəyişdirilməsinin səbəbi nə olub?
Rahil Məlikov deyib ki, mərhumun paltarları yaş olduğu üçün əynindən çıxarıb: "Burnundan qan gələndə tualetdə əl-üzünü yuduq. Bu zaman paltarları yaş oldu. Mən də pencəyini çıxarıb öz gödəkçəmi ona geyindirdim. Götürüb nənəmgilə gətirdim".
Mərhumun atası deyib ki, oğlunun paltarlarının çıxarılmasında məqsəd izi itirmək olub.
Məhkəmədə məlum olub ki, gecə klubundakı davadan sonra mərhumun bəzi paltarları yoxa çıxıb. Onun ayaqqabısının bir tayı, gödəkçəsi və əynində olan köynəyi istintaq orqanı tərəfindən müəyyən edilməyib.
Şahid Rahil Məlikov deyib ki, o, dostunu taksiyə mindirən zaman əynində paltarları olub. Sadəcə köynəyini dəyişib.
İş üzrə digər qaranlıq məqam mərhumun aldığı xəsarətlərlə bağlıdır. Ekspertizanın rəyində mərhumun alın nahiyyəsindən ağır zərər aldığı yazılır. Ancaq təqsirləndirilən şəxs mərhumun ona təpik və yumruq atmasından sonra ona cəmi bir zərbə vurduğunu deyir.
Şahid Rahil Məlikov da təsdiqləyib ki, Fərhad Musayev dostuna bir zərbə vurub və o arxası üstə yerə yıxılıb. Mərhumun alın nahiyyəsindən xəsarət alması ilə bağlı şahid və təqsirləndirilən şəxs məlumatlı olmadıqlarını deyiblər.
Digər şahid isə Rahil Məlikovun nənəsi Rəna Qafarova olub. Bildirək ki, kkubdakı hadisədən sonra mərhum Telman Məmədovu Rəna Qafarovanın evinə gətiriblər.
Şahid R.Qafarova həmin gün olanları belə danışıb: "Nəvəmi oğlum rəhmətə gedəndən sonra mən saxlamışam. Həmin gün axşam zəng elədi ki, "nənə sizə gəlirəm". Mən də dedim ki, hər gün gəldiyin evdir, gəl. Axşam gördüm ki, həyətdə taksi dayandı. Rahil düşdü, bir nəfərin də qoluna girib. Hiss elədim ki, içkilidirlər. Mən də dedim ki, Rahil, deməmişəm ki, içəndə mənim yanıma gəlmə? Hələ bu gün də yanına birini salıb gətirmisən. Amma nə edə bilərdim. Artıq gəlmişdilər.
Həyətə keçdilər. Rahil Telmanın qoluna girmişdi. Maşını sürən şəxs də içəri girdi. Rahilə dedi ki, "mən gedim?". Rahil onu yola saldı. Mən də namaz qılmamışdım. Dedim ki, siz zala keçin mən də gəlirəm. Rahildən soruşdum ki, nə olub? Dedi kafedə Telmanı yumuruqla vurublər. Həm də içkilidir. Rahil dedi ki, Telman xahiş edib ki, onu evə aparmasın. İçkili olduğu üçün öz evlərinə getmək istəməyib. Zalda Telmanı yatağa uzatdı. Mən də şubamı gətirib üstünə örtdüm ki, üşüməsin. Həmin vaxt hava soyuq idi. Rahil də digər otağa keçdi. Orada ona yer düzəltdim. Bir az sonra gəldim ki, Telman necə qoyulubsa, elə də yatıb. Mən də gedib uzandım ki, namaza duraram. Səhər namaza oyananda gördüm ki, Telman həminki qaydada uzanıb. Yaxşı vəziyyətdə deyil. Tez Rahili çağırdım ki, Telman yaxşı deyil. Rahil gəlib nə qədər çağırsa da o, cavab vermədi. Bildi ki, o artıq keçinib. İki əlini başına vurub ağladı".
Hakim bildirib ki, mərhumun aldığı xəsarətlər və zərərçəkmiş tərəfin şübhəli qaldığı məqamları araşdırmaq üçün ekspert növbəti məhkəməyə dəvət ediləcək.
Məhkəmə iclası oktyabrın 27-nə təyin edilib.
Hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədov arasında mübahisə yaranıb.
Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. T.Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Onun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.
F.Musayev barəsində Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1-ci və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Bildirək ki, hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.