Qayınana onu bıçaqlayan kürəkənini bağışladı - prokuror cəza istədi

Qayınanasını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü N.İsgəndərov cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror N.İsgəndərovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə Sabunçu rayonu, Anaşkin küçəsi ev 10-da qeydə alınıb.
1961-ci il təvəllüdlü Hürü Qurbanova kürəkəni N.İsgəndərov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb H.Qurbanovanın qızı ilə kürəkəni arasındakı mübahisəyə müdaxilə etməsi olub. Ər-arvad arasındakı mübahisə isə evin satılması ilə bağlı olub.
O, Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya təqsirkar üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.
Bildirək ki, məhkəmə istintaqı dövründə zərərçəkmiş qayınana kürəkəni ilə barışdığını və hadisədə özünün də günahkar olduğunu söyləyib. O, iki nəvəsinin atası olan N.İsgəndərovun əfv edilməsini məhkəmədən xahiş edib.