“Whatsapp”la göndərilən səhv mesaja görə ana söyüşü söyüldü - cinayət işi

Səhv mesaja görə mübahisə düşüb. Dava zamanı tərəflər bir-birinə bıçaq çəkib. Səhv mesaj göndərən şəxs dava zamanı bıçaqlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Yevlax rayon sakini, Məhəmməd Amoyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rauf Əliyev sədrlik etdiyi prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Məhəmməd Amoyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi ittihama görə, hadisə ötən ilin avqust ayında baş verib.
Məhəmməd Amoyev bacısı oğlu Rəhman İsbəndiyarovun telefonuna “Whatsapp”la səhv mesaj göndərən Asif Quliyevlə görüşüb.
Onlar aralarında yaranmış mübahisə zamanı sonuncunun anasının ünvanına söyüş söyən Asif Quliyevlə görüşmək üçün Novxanı kəndindəki “Dalğa” Ticarət Mərkəzinin yanına gedib. Bacısı oğlunun A.Quliyevlə tutaşdığını görüncə bıçaqla ona qarın nahiyəsindən zərbə endirib. Həmin vaxt onları ayırmağa çalışan Rəşad Vəliyev də M.Amoyevin zərbələrinə tuş gəlib. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Amoyev ona elan olunmuş itiihamla özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, hadisə baş verən gün axşam saatlarında Novxanı kəndində yerləşən mağazadan ərzaq alıb çıxarkən bacısı oğlu Rəhmanın telefonda kiminləsə mübahisə etdiyini eşidib. Ondan nə baş verdiyini soruşsa da Rəhman heç nə deməyib.
Onlar birlikdə kirayə yaşadıqları evə gəliblər. O, bir daha bacısı oğlu Rəhmandan kiminlə mübahisə etdiyini soruşub:"Dedi ki, “Whatsapp” da tanımadığım bir nəfər mənə ana söyüşü yazıb. Bir qədər sonra Rəhmanın telefonuna yenə zəng gəldi. Rəhman ona söyüş yazan şəxsin “Dalğa”nın yanına gəldiyini dedi. Evdən bıçaq götürüb bacı oğlu ilə birlikdə həmin ünvana getdik. Bir qədər keçmiş 3 nəfər gəldi. Rəhman telefonda söyüş söyənin kim olduğunu soruşdu. Onlardan biri qabağa çıxaraq “mən idim” dedikdə Rəhman onu yumruqla vurdu. Rəşadla onları ayırdıq. Asif cibindən bıçaq çıxarıb Rəhmana sarı qaçarkən bıçaqla onu vurdum. Rəhmanı da götürüb evə gəldim. Ertəsi gün birlikdə Abşeron rayon polis idarəsinə getdik”.
Məhkəmdə zərərçəkmiş şəxs qismində Asif Quliyev də dindirilib. O, ifadəsində “Whatsapp”da iş yoldaşına zarafatla yazdığı mesajın səhvən Rəhman İsbəndiyarova getdiyini deyib.
A.Quliyev buna görə ondan üzr istədiyini də söyləyib: ”Üzr istəsəm də, Rəhman nalayiq söyüşlər söydü, telefonda mənimlə mübahisə etdi. Bir neçə saatdan sonra zəng vurub görüşmək istədiyini bildirdi. Həmin gün iş yoldaşlarım Niyaməddin və Rəşadla ora getdik. Rəhman söyüş söyənin kim olduğunu soruşduqda bir daha üzr istədim. Bir-birimizin yaxasından tutub dartdıq. Bu vaxt Məhəmməd məni və Rəşadı bıçaqla vurdu. Rəhmangil qaçıb getdilər. Niyaməddin bizi xəstəxanaya apardı”.
A.Quliyev təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib.